BƏS SİZ NİYƏ AĞLAMIRSIZ?

BƏS SİZ NİYƏ AĞLAMIRSIZ?

8 avqust Aşura günü – Peyğəmbər salavatullahın sevimli nəvəsi İmam Hüseynin İslam dininin qorunması üçün apardığı mübarizənin zirvə günü – O gül camalın şahədətə yetişdiyi gündür, İmam Hüseyn salavatullahın haqq mübarizəsinə Cənubi Afrika Respublikasının prezidenti olmuş Nelson Mandelladan tutmuş Hindistanın baş naziri olmuş İndira Qandiyəcən bir çox dövlət və hökumət başçıları, tanınmış siyasətçilər öz ehtiramlarını bildirmiş, həmin mübarizənin haqq ilə batilin mübarizəsi adlandırmışlar. Tanınmış avropalı, rus və türk islamşünaslar da İmam Hüseynin şəhadətinin İslamın qorunması yönündə misilsiz və böyük bir addım kimi qiymətləndirirlər. Aşura yeganə gündür ki, Azərbaycan əhalisinin hamısı – sünnüsü də, şiəsi də məscidlərə axışaraq, O gül camal üçün əzadarlıq edirlər…

Amma… Amması odur ki, yezid lənətullahın davamçıları bu gün Azərbaycanda İmam Hüseynə müharibə açıblar. Bir qadın öz evinin divarına “Ya Hüseyn” yazır, bu yezidin davamçıları gedib onu qırmızı rənglə boyayırlar, sanki İmamın şəhadətini bayram edirlər. Qadın yenə də o qırmızını qara rənglə boyayıb, “Ya Hüseyn” yazır, yezidin davamçıları – şeytanul-ləşkərin əskərləri gedib həmin yazını yenə də silirlər və bu azmış kimi o qadının evinin yanında polis postu qururlar. Qadına dükana, bazara getməyi yasaqlayırlar, onu aclıqla imtahana çəkmək istəyirlər, necə ki, yezidin dəstəsi İmam Hüseyni su ilə imtahana çəkmişdi. Ətrafdan qadına və övladlarına ərzaq gətirilir, lakin yezidin nökərləri bu ərzaqı da qadına vermirlər, ərzaqın müqabilində qadından çıxıb sosial şəbəkələrdə üzr istəməsi tələb olunur. Sual olunur: qadın kimdən üzr istəsin, yeziddən? Bu nə biabırçılıqdır? Siz niyə insanların dini inancları ilə oynayırsız? Əgər siz də İmam Hüseyn ilə mübarizəyə qalxmısızsa – yazıqlar olsun sizə, qiyamətəcən xalqın lənəti sizdən əskik olmaz…

Milli Məclisdə də yezidin sözçüləri bəs qədərdir. Astaranın “fəxri” deputatı Ziyafət Əskərov İmam Hüseyn pərçəmini “əski parçası” adlandırmaqla Hüseyn aşiqlərini təhqir etmiş oldu. Amma Milli Məclisdə Aşura gününün fəzilətini bəzi danabaşlara çatdırmaq istəyən deputatlar da var. Bu deputatlardan biri də Aqil Abbasdır. Deputat Aqil Abbas Aşura günü ilə bağlı yazır ki, Sovet dönəmində Bakıda yaşayan ermənilər və ruslar da Aşura dövründə toy etməzdilər və bunula da Bakının şiə əhalisinin əzadarlıq məclislərinə öz ehtiramlarını göstərmiş olurdular. Daha sonra deputat Aqil Abbas belə bir hadisəni nəql edir ki, həmin hadisəni oxucularımıza çatdırmağı özümüzə borc bildik. Aqil Abbas yazır: Ağdam əhalisi şiədi, yalnız bir kəndindən başqa: Xıdırlı. Bu kənddən də çox böyük ziyalılar çıxıb, bəziləri də xaricdə təhsil alıb.

Fransada tibb təhsili almış bir bəy dönüb vətənə, çıxıb kəndin təpəsinə, camaat da yığışıb başına. Aşura günüymüş.

Bəy camaatdan soruşur:

– Aşağıdan, Şellidən ağlaşma səsi gəlir. Orda kim ölüb?

– Bəy, heç kim ölməyib ey, Aşuradı, imamlara yas saxlayırlar.

Bəy deyir:

– Hə, hə, başa düşdüm.

Sonra yenə soruşur:

– Yaxşı, bu Əhmədavar tərəfdə də ağlaşmadı, orda kim ölüb?

– Bəy, orda da heç kim ölməyib, imamlara yas saxlayırlar.

Bəy yenə deyir:

– Hə, hə, başa düşdüm.

Yenə soruşur:

– Bəs bu Qiyaslı tərəfdən də ağlaşma səsi gəlir, orda kim ölüb?

Camaat yenə deyir:

– Bəy, alim adamsınız, dedik axı, orda da imamlara yas saxlayırlar.

Bəy üzünü tutur dağın döşündəki Xoramurd kəndinə:

– Bəs ordan niyə ağlaşma səsi gəlmir?

Camaat:

– Bəy, onlar niyə ağlasın ki, onlar ermənidi axı.

Bəy istehza ilə deyir:

– Bəs siz niyə ağlamırsınız, siz də ermənisiz?

O gündən sonra Xıdırlı camaatı da Məhərrəmlik keçirməyə başlayıb.

P.S. Əgər siz həqiqətən də Heydər Əliyevin siyasi kursu ilə gedirsizsə – sizdən fərqli olaraq Heydər Əliyevin Aşuraya və İmam Hüseynə münasibəti çox müsbət idi, Heydər Əliyevin dönəmində nə kimsə risk edib kimsənin divarından “Ya Hüseyn” şüarını silə, nə də kimsə Milli Məclisdə Aşuraya qarşı çıxa bilməzdi

Rafiq Cəlilov

“Tolışon Sədo” qəzeti N: 147

Bir şərh yazın